68

Bağırov haqqında xatirələr

2015-ci ildə 70 yaşının tamam olacağı ərəfədə Azərbaycanda sözlərinə yazılmış mahnılar dillər əzbəri olan Vahid Əziz “Mir Cəfər” poemasını yazıb. “Mir Cəfər” poeması Azərbaycan prezidenti İlham Əliyevin bu sözləri ilə başlayır:
“- Bütün dünya Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır.
Biz heç vaxt Azərbaycan torpağında ikinci qondarma “erməni dövləti”nin yaradılmasına imkan verməyəcəyik, öz ərazi bütövlüyümüzü bərpa edəcəyik…”

Arxivlərin açıq olması tarixçilər və jurnalistlər üçün tədqiqat aparmağa, həqiqəti yazmağa imkan yaratdığı halda, yenə İmam Mustafayevin şər – böhtan kompaniyasının Mir Cəfər Bağırovun əleyhinə olan yazıları kimlərinsə himayəsi ilə qəzetlərə və internet saytlarına yol tapır. Maraqlısı odur ki, müəlliflər arxiv materiallarına əsaslanıb yazdıqlarını qeyd edirlər. Korlar üçün də balığın şor olmasının məlum olduğu kimi Mir Cəfər Bağırov haqqında qərəzli yazıların da dəst – xətti İmam Mustafayev kompaniyasna məxsus olduğu dərhal üzə çıxır. Sovet dövründə Bağırov haqqında yazılar kitablardan çıxarılmışdı, hətta tarix kitablarında da heç bir məlumat qalmamışdı. Bunu vəzifədə olan ermənilər eləmişdilər, səbəbi isə Bağırovun gördüyü mütərəqqi işləri gələcək nəsillərdən gizlətmək idi. Bağırovu qəddar, qorxunc bir adam kimi təbliğ etmək işi dərhal göstərir ki,  onu görənlər guya “tir – tir əsər, özlərini itirər”, “onun apardığı adamlar bir də geri qayıtmaz” ifadələri məlum İmam Mustafayev böhtanlarıdır.
Repressiya illərində günahsız güllələnən, həbs olunub sürgünə göndərilənlərlə bərabər respublikada — həm adi adamlar arasında, həm də rəhbərlikdə əliəyrilər, xalqın malını oğurlayanlar, dövlət malını talayanlar, hərbçilər və milislər arasında öz işlərinin öhdəsindən gəlməyənlər də olub. Belə adamlar elədikləri səhv əməllərə görə Bağırovun adı gələndə qorxublar. Mir Cəfər Bağırovun zəhmətkeşlərlə, ucqar kəndlərdə yaşayan əhali ilə görüşləri barədə arxiv materialları Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində kifayət qədərdir. Respublikamızın müstəqilliyi bərpa olunandan sonra arxivlər açılmış, tarixi şəxsiyyətlər barədə bir çox məlumatlar yorulmaz tədqiqatçılarımız tərəfindən işıq üzü görmüşdür. İndi Fazil Məmmədovun 2014-cü ildə nəşr olunmuş  “Mir Cəfər Bağırov Kreml ixtilafları burulğanında” kitabında Bağırova aid yazılanlara diqqət edək:
Mir Cəfər Bağırovun həyatı və fəaliyyəti, vətən qarşısında göstərdiyi tarixi xidmətləri XX əsrin uydurulmamış əfsanəsinə, təkrarsız şəxsiyyəti isə misli – bərabəri olmayan mifik tarixi fenomenə çevrilmişdir.
Sadə həyat – məişət tərzi keçirmək, daim alicənablıq, şəxsi təvazökarlıq nümayiş etdirmək, ətrafdakılara və tabelikdə olanlara istisnasız olaraq xoş rəftar bəsləmək, müntəzəm şəkildə ədalətli olmaq, Vətəni alovlu bir ürəklə sevmək, insanlara təmənnasız qayğı göstərmək, yaxşılıq etmək, dara düşənə kömək əli uzatmaq, düzgünlüyü sevmək və onu həmişə birmənalı şəkildə müdafiə etmək, haqsızlığa qarşı inadla mübarizə aparmaq, son dərəcə işgüzar olmaq, gözütox yaşamaq, qohumbazlığa, yerlibazlığa, tayfabazlığa qarşı çıxmaq, yaxşılığı, duz – çörəyi itirməmək, ictimai mahiyyəti olan dostluğu yüksək qiymətləndirmək, səxavət sahibi olmaq, satqınlığın, xəyanətin qənimi kəsilmək və sair kimi yüksək insani dəyərlər Mir Cəfər Bağırov fenomeninin əbədi ayrılmaz əlamətlərindən  və xüsusiyyətlərindən olmuşdur.
Tarix üçün ən etibarlı və ən ədalətli şahidin fakt , dəlil və sübutlarını əsas tutaraq həqiqəti olduğu kimi özündə hifz edib qoruyan bəzi sənədləri yada salaq.
Mir Cəfər Bağırov 1921-ci ilin fevral ayında Azərbaycan SSR XKS-nin sədri Nəriman Nərimanovun sərəncamı və V.İ. Leninin razılığı ilə Azərbaycan Fövqəladə Komissiyasına sədr təyin olunmuşdur. O, bu vəzifədə çalışarkən 1927-ci ilə qədər eyni zamanda, Xalq Daxili İşlər Komissarı və Yollar komissarlığının Azərbaycan üzrə səlahiyyətli müvəkkili vəzifələrində də işləmişdir. Daha sonra Tiflisdə və Moskvada işləmiş, oxumuş, 1932-ci ilin oktyabr ayında Azərbaycan K(b)P MK-nın və Bakı komitəsinin birinci katibi seçilmişdir. 1934 – 1952-ci illərdə onun rəhbərliyi ilə Azərbaycan kommunistlərinin 8 qurultayı (1934, 1937, 1938, 1939, 1940, 1949, 1951, 1952-ci illərdə) keçirilmişdir. O, bütün bu partiya qurultaylarında hesabat məruzəsi ilə çıxış etmişdir. Bütün bunlara baxmayaraq, 1921-ci ildən 1946-cı ilə kimi onun şəkli heç zaman (1937-ci ildə SSRİ Ali Sovetinə seçilən deputatların tərcümeyi – halları ilə birgə verilən şəkildən başqa) Azərbaycanda nəşr olunan qəzetlərdə çap olunmamışdır. Azərbaycan rəhbərinin şəkli respublika mətbuatında ilk dəfə olaraq 1946-cı ildə Azərbaycan SSR Ali Sovetinə keçirilən seçkilərlə əlaqədar olaraq dərc edilmişdir.
Qeyd edim ki, 1921 — 1946-cı illərdə respublika rəhbərinin şəkli Azərbaycan mətbuatında daha üç dəfə (“Kommunist” qəzetinin 14 dekabr 1933-cü il tarixli, “Bakinski raboçi” qəzetində isə 14 dekabr 1933-cü il və 4 yanvar 1936-cı il tarixli nömrəsində) nəşr olunmuşdur.
1946 – 1953-cü illərdə respublika rəhbərinin tək şəkli mətbuatda cəmi 5 dəfə dərc edilmişdir. Bu şəkillərin hamısı ali partiya yığıncaqlarında, ölkənin və respublikanın Ali Sovetlərinə keçirilən seçkilərlə əlaqədar olaraq çəkilmişdir. Rəhbərin ailə üzvləri, qohumları və yaxın adamları haqqında isə mətbuatda bütün ömrü boyu heç zaman, heç bir məlumat verilməmişdir. Hələ gənclik illərində özünü reklam və özünə vurğunluq əlaməti olan şəkil yayımı azarından bir dəfəlik xilas olmuş respublika rəhbəri idarə və müəssisələrdə, ictimai yerlərdə, hərbi hissələrdə, məktəblərdə, mədəni – maarif müəssisələrində də öz şəklinin nümayiş etdirilməsinin qəti əleyhinə olmuşdur. 1942 – 1953-cü illərdə Mir Cəfər Bağırovla eyni partiya təşkilatında qeydiyyatda olan əmək və partiya veteranı Məmmədova – Hacıyeva Mənzər Sultanəhməd qızı bu məsələ ilə əlaqədar olaraq, belə bir hadisənin şahidi olduğunu bildirmişdir: 1944-cü ilin sonları idi. S.M. Kirov adına Partiya kabinəsində Azərbaycan K(b)P MK-nın ilk partiya təşkilatının hesabat – seçki iclası çağırılmışdı. Axşam saat 7-yə yaxın idi. Gərgin iş gününün sonunda kommunistlər buraya iclasa tələsirdilər. Mən həmin dövrdə partiya kabinəsinin nəzdində fəaliyyət göstərən kitabxananın Azərbaycan bölməsində işləyirdim.
Biz hamımız əmin idik ki, iclasa Azərbaycan K(b)P Mərkəzi Komitəsinin və Bakı Komitəsinin birinci katibi Mir Cəfər Bağırov da hökmən gələcəkdir. Mərkəzi Komitənin və Şəhər partiya komitəsinin məsul işçiləri gündüzdən burada idilər. Onlar binanın bəzədilməsi, səliqə — sahmana salınması ilə əlaqədar bizə göstərişlər verir və köməklik edirdilər. Hazırlıq başa çatdı. Axşam 16:50 dəqiqədə Mir Cəfər Bağırov giriş qapısında göründü. İclasa həmişə olduğu kimi indi də piyada və tək gəlmişdi. Ola bilsin ki, müşayiət edənlər olmuşdu, lakin onlar içəri girməmişdilər.
Binaya daxil olan kimi hər tərəfi diqqətlə nəzərdən keçirməyə başladı, birdən öz portreti ilə qarşılaşdı. Bu zaman bütün məsul işçiləri haray edib başına topladı və qətiyyətlə dedi: — “İndi cəbhədə döyüş meydanlarında xalqın ən yaxşı oğul və qızlarının qanı axıdılır, cəsur əsgərlərimiz igidliklə döyüşürlər. Siz isə burada, arxa cəbhədə hər cür ölüm – itimdən uzaq bir rahat yerdə yaltaqlıqla məşğul olursunuz. Bu nədir, mənim portretimi qoymusunuz göz qabağına, elə bil göylərdən düşüb, tez onu götürün və yerinə əsgər şəkli qoyun. Bir də belə halla rastlaşsam, onda özünüzdən küsün!”
Sonra bir qədər aralıda durmuş Mətləb Babayevi yanına çağırıb danladı: — “Əgər siz Azərbaycan komsomol təşkilatının rəhbəri kimi belə rüsvayçı hallara qarşı mübarizə aparmırsınızsa, onda bizim işlərimiz heç zaman yaxşı olmayacaqdır. Gənclər və yeniyetmələr arasında bütün başqa mənfi xüsusiyyətlərlə yanaşı yaltaqlığa və yalançılığa qarşı müharibə elan olunmalıdır!”
Hadisələrin üstündən uzun onilliklər keçməsinə baxmayaraq, onun müasirləri sadə həyat yaşaması, ən adi qaydada geyinməsi haqqında indi də tam səmimiyyətlə danışırlar. Hətta onun haqqında ailəliklə daima əsassız fikirlər söyləyən Vəkilovlar nəslinin üzvü, şair Vaqif Səmədoğlu da bu həqiqəti dana bilməyərək demişdir: — Mən Mir Cəfər Bağırovun əynində yamaqlı tor mayka görmüşəm, göy, sətin pencək görmüşəm, ayağında təbaşirlə təmizlənmiş parusin ayaqqabı görmüşəm. (V. Səmədoğlu, “Sənətkarı öldürmək olar, amma sənətini əlindən almaq olmaz. Şairin oxucu suallarına verdiyi cavabları”, Ekspress – 2002, 16 aprel) (Əslində ayaqqabıda görünən ağ onun təbaşirlə təmizlənməsini bildirmir, aşı maddələri olan duz və zəyin düzgün istifadə olunmaması zamanı özünü göstərir. F.B.)
Haşıyə: Mir Cəfər Bağırovun bütün mühafizəçiləri bizim millətdən idi. Şəxsi mühafizəsində on – on beş nəfər olardıq. O vaxt dövlət başçısının indiki kimi 300 – 400 nəfər mühafizəçisi yox idi. Bir maşın qabaqda gedirdi, ikinci maşın bizimki idi. Çox vaxt da qoymurdu onunla getməyə. Lap əsası Soltan kişi idi. Polkovnik idi. Vaxtı ilə qoçqalıq edib.
Mir Cəfər Bağırovun şəxsi mühafizəçisi Ənvər Ağahüseyn oğlu Ağasıyev yaddaşında qalanların hamısını bizə danışdı. (“Ulus” – 2001, 29 iyul, 5 avqust)
Daima xalq arasında olmağa can atan rəhbər, həm də heç kəsdən fərqlənməyə səy göstərməyərək həmişə böyük təvazökar insan olaraq qalmış və bunu başqalarından da tam qətiyyətlə tələb etmişdir. Akademik Milli Dram Teatrının bədii rəhbərinin yaradıcılıq üzrə köməkçisi Qurban Qurbanovun xatirələri də bu mövzudadır: … Gördüm qapıçımız, bir rus qadını bir nəfəri saxlayıb soruşur: — “Vaşi biletı?”. Başımı qaldırdım ki, eynək gözündə, kepka başında, serıy makintoj əynində, Mir Cəfər Abasoviç Bağırovdu, iki nəfər də özü ilə. Tez onları yuxarı qaldırıb Ədil müəllimə zəng vurdum. Ədil müəllim telefonu alan kimi dedi: — “Kişi gəlib.” Mir Cəfəri belə adlandırırdılar… Səhərisi gördüm ki, həmin lojaya avadanlıq qoyurlar. Bağırov əmr vermişdi ki, hökumət üçün ayrılmış lojaya, hansı ki, orada hökumət adamlarından qeyrisinin oturmağa ixtiyarı yox idi, bilet satılsın və hökumət tərəfindən gələn nümayəndələr də tamaşaçılarla bir yerdə əyləşsinlər.” (Hidayətqızı S. “Qada, get qapıçıya de ki, səni işə buraxmasın!”, İmpuls – 2001, 29 iyun)
Mir Cəfər Bağırovun tərifi sevməməsi və imkan düşən kimi tərifləməyə cəhd edənlərin dərhal qətiyyətlə qarşısını alması xasiyyəti hamıya bəlli idi. Şəxsiyyətinin hər hansı bir şəkildə bütləşdirilməsinə qətiyyən yol verməzdi. Xalq arasında çıxış edərkən öz xidmətlərinin üstündən sükutla keçərdi.
Əgər, rəhbər danışığında ətrafdkılar barəsində hər hansı bir səhvə, anlaşılmazlığa yol vermiş olsaydı, dərhal səhvini düzəldər və incimiş adamdan üzr istərdi.
Haşıyə: Bağırov qardaşımdan üzr istədi.
Bir gün qardaşım Cəlalla cıdırda təlim keçirdik. Onun qolu müharibədə yaralandığından tam açılmırdı. Yaxşı at sürməyi vardı. Atının adı Bəxtəbəxt idi. Məşq zamanı Mir Cəfər Bağırov, Nazirlər Sovetinin sədri Teymur Quliyev cıdıra gəlmişdilər. Bağırov qardaşımın qolunu bükülü görüb onun üstünə çimkirdi: — “Bu nədir?” Qardaşım bir söz demədi. T. Quliyev vəziyyəti başa saldı. Bağırov qardaşım Cəlaldan üzr istədi. (Bünyadov M. “Qarabağ atının sorağı İngiltərəyə çatmışdı” – “Etimad” -2001, 28 iyul – 3 avqust, 1955 – 1985-ci illərdə cıdırda baş məşqçi olmuş Əli Tağı oğlu Tağıyevlə müsahibədən)
Gənc Azərbaycan rəhbəri həyatının lap ilk dövrlərindən başlayaraq sadə həyat sürməklə, daim təvazökarlıq nümayiş etdirməklə başqalarına nümunə olmağı özünə borc bilmişdir. Təkcə bir epizoddan bunu çox aydın görmək mümkündür. 1946-cı ildə anadan olmasının 50 illiyi tamam olmuşdu. ÜİK(b)P MK-sı və SSRİ XKS ona bu münasibətlə təbrik məktubu göndərmişdi. Məktub “Pravda”, “İzvestiya” qəzetlərinin 17 sentyabr 1946-cı il tarixli nömrələrində dərc olunmuşdu. Partiya və hökumət onun  xidmətlərini yüksək qiymətləndirərək onu “Lenin Ordeni” ilə təltif etmişdi. Təltif haqqında SSRİ Ali Sovetinin fərmanı da mətbuatda elan olunmuşdu. Anadan olmasının 50 illiyi tamam olandan sonra işlə əlaqədar olaraq dəfələrlə Moskvada olmuş, partiya və hökumət rəhbərləri ilə görüşmüşdü. Lakin təltif olunduğu yüksək və şərəfli mükafatı almağa heç bir təşəbbüs göstərməyərək misli görünməmiş təmkinlilik və təvazökarlıq nümayiş etdirmişdir.
Qeyd: Mir Cəfər Bağırov 1946-cı ilin sonunda və 1947-ci ilin əvvəlində SSRİ Ali Sovetinin sessiyasında, 1947-ci ildə ÜİK(b)P-nin fevral plenumunda və daha iki Ümumittifaq tədbirində iştirak etmək üçün Moskva şəhərində olmuşdur.
Bu səbəbə görə də SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri P.M. Şvernik yüksək mükafatı Azərbaycan rəhbərinə fərman veriləndən altı ay sonra təqdim edə bilmişdir. Bu zaman SİTA 1947 –ci il fevral ayının 28-də “Mir Cəfər Abbas oğlu Bağırov yoldaşa “Lenin Ordeni” təqdim olunmuşdur” sərlövhəli məlumatını bütün ölkəyə yaymışdı. (“Kommunist” 1947, 2 mart, “Bakinskiy raboçiy” 1947, 2 mart)
Mir Cəfər Bağırovun həmyerlilərinə qarşı münasibəti də eyni idi. Bunu belə bir faktdan daha aydın görmək mümkündür. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti özünün 9 sentyabr 1939-cu il tarixli fərmanı ilə iki narkomu eyni vaxtda işdən azad etmişdi. Onların hər ikisi – köklü qubalı idilər. Azərbaycan SSR Xalq Toxuculuq Sənayesi narkomu işləyən Hacağa İbrahim oğlu Şahverdiyev Mir Cəfər Bağırovla həmyaşıd idi. Uşaqlıqda Qubada eyni məktəbdə oxumuşdular, eyni məhəllədə yaşamışdılar və ailəliklə dostluq edirdilər. Onlar inqilabi fəaliyyətə də eyni vaxtda başlamışdılar. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra onlar yenə bir yerdə rəhbər vəzifələrdə çalışmışdılar. Aralarında möhkəm dostluqları da var idi. Lakin bütün bunlar Hacağa Şahverdiyevin cəzalandırılmamasına səbəb ola bilməmişdi. Çünki, o, bir rəhbər kimi günahlandırılmışdı. Onun tabeliyində olan Şəki İpək Kombinatında yeyintiyi və sonra da yanğına yol verilmişdi. Bu səbəbə görə də, keçmiş peşəkar inqilabçı, ictimai xadim, təcrübəli çekist və bacarıqlı mütəxəssis olan Hacağa Şahverdiyev uzun müddət rəhbər vəzifəyə təyin olunmamışdı. Vəzifədən azad olunan digər narkom Kübra Yəhya qızı Fərəcova idi. Kübra Fərəcova 1907-ci ildə Qubada anadan olub, Tibb İnstitutunu bitirib, 1931-ci ildən Kürdəmir Qızlar Məktəbinin təşkilatçısı və müəllimi olub. 1932-ci ildən Kommunist Partiyasının üzvü idi, Azərbaycan K(b)P MK-da təlimatçı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsində çalışmış, sonra isə Azərbaycan SSR Xalq Səhiyyə narkomu təyin olunmuşdu. Ən yüksək vəzifəsindən azad edildikdən sonra Böyük Vətən müharibəsində cəbhədə iştirak etmiş, vətənə qayıtmış, lakin nazir vəzifəsinə qaytarılmamışdır. Çünki günahlandırılmışdır. 1939-cu ildə Moskvada xidməti səfərdə olarkən SSRİ Xalq Səhiyyə Komissarının ailəsi ilə birgə Moskvada çayda qayıqla gəzintiyə çıxmış və bu zaman təsadüfən suya düşmüşdür. Gənc narkom öz hərəkətləri ilə Azərbaycana şərəf gətirmədiyinə və geyri – təvazökarlığına görə çox ciddi şəkildə cəzalandırılmışdır. Mir Cəfər Bağırov bu yerlisinə də heç bir köməklik göstərməmiş və onu ağır cəzadən qurtarmağa çalışmamışdır. Nazir vəzifəsinə qaytarılmasa da Kübra Fərəcova sonralar N.K. Krupskaya adına Ana və Uşaq Mühafizəsi İnstitutunun direktoru olmuş, SSRİ Ali Sovetini 2-ci çağırış, Azərbaycan SSR Ali Sovetinin 2 və 3-cü çağırış deputatı olmuşdur. (Fazil Məmmədov “Mir Cəfər Bağırov Kreml ixtilafları burulğanında”, səh.19)
Rüşvət alıb rüşvətxorluqla mübarizədən danışanlar, haqsızlıq edib haqqdan dəm vuranlar, millət deyib millətin zavallılarını ehtiyac içində saxlayanlar, sözsüz ki, Mir Cəfər Bağırov şəxsiyyətinə ağız büzəcəklər. Mir Cəfər Bağırov əməlisaleh şəxsiyyət idi. Heç vaxt sərvət əsiri, haram dövlət və pul düşkünü olmamışdı. Ailə üzvləri də həmçinin. Ona görə də Bağırov dövründəki kadrların heç biri rüşvət almırdı. Mir Cəfər Bağırov üçün rüşvətxorluq ən ağır cinayət idi. Mir Cəfər Bağırov nə Kərbəlaya, nə də Həccə getmişdi. Ancaq Allah adamı idi. Haramı qəbul etmədiyi üçün haramzadalara qarşı amansız idi. (Teyyyub Qurban “Düşmənlərindən Güclü Şəxsiyyət” kitabından)
Mir Cəfər Bağırovun sözün həqiqi mənasında ədalətli adam olduğunu, haqq işi hökmən müdafiə etdiyini bir sıra başqa faktlar da təsdiq edir. Görkəmli Azərbaycan pedaqoqu, respublikada xalq maarifi işinin məşhur və istedadlı təşkilatçılarından olan professor Əhməd Seyidovun fəaliyyəti ilə bağlı baş vermiş hadisələrdən də bunu aydın şəkildə görmək mümkündür. Əhməd Seyidovun oğlu, professor Fikrət Seyidovun bu məsələ ilə əlaqədar olaraq yazdığı xatirələrdə deyilir:
— Atamın yadına düşür ki, Mir Cəfər Bağırov hələ 1944-cü ildə ona demişdi: — “Allaha dua et ki, müharibə tez qurtarsın. APİ-nin binasını sizə verəcəyəm.” Bir gün atamı MK-ya büro iclasına çağırdılar. Atam orada öyrənir ki, bina məsələsindən ötrü çağırıblar. Atam danışırdı ki, lap ruhdan düşmüşdüm. Ümidim Bağırova idi. O da mənə söz vermişdi ki, müharibə qurtaranda binanı bizə verəcək. Bağırov isə Moskvada idi. Mən qapının yanında oturmuşdum. Gördüm ki, qapı azacıq açıldı və Bağırovun katibəsi Novikova qapıdan mənə çatacaq kağız uzatdı. Kağızda deyilirdi: “Yoldaş Seyidov, Mir Cəfər Bağırov Moskvaya gedəndə dedi ki, sizə çatdırım ki, sizin razılığınız olmadan binanı heç kimə verə bilməzlər.” Atam deyirdi ki, məni heyrətləndirən ən əsas məsələ Mir Cəfər Bağırovun kişilik dəyanəti oldu. O verdiyi sözü bir neçə il keçməsinə, başının dövlət işləri ilə qarışıq olmasına baxmayaraq, yadından çıxarmamışdı… Bağırovun qorxusundan binanı Tibb institutuna verə bilmədilər. Bina APİ-yə qaldı. (Fikrət Seyidov “Aslanbəylidən başlanan xatirələr”, Bakı – 2000, səh. 162)
     Azərbaycan rəhbərinin respublikaya başçılıq etdiyi uzun illər ərzində göstərdiyi tarixi fəaliyyətində vətənin torpaqlarını xüsusi bir qayğı ilə qoruması, xalqın milli mənliyinin əsasını təşkil edən milli maraqlarının hər hansı bir şəkildə pozulmasına qarşı ardıcıl olaraq mübarizə aparması və yerli əhalinin hərtərəfli inkişaf edərək ölkə və dünya miqyasında özünə layiq şərəfli yer tutması üçün lazım olan tədbirləri işləyib vaxtında həyata keçirmək sahəsində gördüyü işlər səmadakı parlaq karvan yolu kimi aydın görünür. Elə buna görə də, təsadüfi deyildir ki, onun Azərbaycanın siyası — iqtisadi və mədəni yüksəlişinə hər hansı bir şəkildə mane olanlara qarşı daim amansız mübarizə aparmaq, xalqın milli mənliyinə toxumağa cəhd edənləri ifşa etmək, millətin bəşəriyyət qarşısında göstərdiyi xidmətlərini danmaq məqsədilə hər cür fitnə — fəsada əl atanları zərərsizləşdirmək sahəsində xidmətləri mühüm həyat prinsipləri kimi tarixin səhifələrinə yazılmış və milyonlarla soydaşımızın yaddaşına həkk olunmuşdur. Əldə olan sənədlərə əsaslanaraq ilk növbədə onu da qeyd etmək lazımdır ki, Mir Cəfər Bağırov lap erkən yaşlarından öz xalqının valehi və öz vətənin vurğunu olmuşdur.

Şərq musiqisinin ustad tədqiqatçılarından olan görkəmli musiqişünas F. Şuşinskinin bu məsələrlə bağlı fikirləri çox maraqlıdır:

“21 mart 1921-ci ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Qarabağda Tevanın (Qarabağda quldurluq edən dəstənin başçısı — F.M.) bandasına son qoymaq üçün başda Mir Cəfər Bağırov olmaqla bir dəstə məsul işçini Koryagin rayonuna göndərdi. O zaman Mir Cəfər  Bağırov Az. ÇEKA-nın sədri idi. Tezliklə Mir Cəfər Bağırov yerli kommunistlərdən və kəndlilərdən döyüşçü dəstələri yaratdı. Çox keçmədən Qızıl Ordu hissələri də bu dəstəyə kömək etməyə başladılar. Bir həftə keçməmiş — yəni 1921-ci ilin aprelin əvvəllərində Mir Cəfər Bağırovun dəstələri Tevanın bandasını darmadağın edərək daşnak qiyamına son qoydu. Tevan canını xilas etmək üçün İrana qaçdı. Həmin hadisədən 20 il sonra, yəni, 1941-ci ildə Sovet qoşunları İran torpağına girərkən, o zaman Zaqafqaziya cəbhəsinin hərbi şurasının üzvü general — leytenant Mir Cəfər Bağırov DTK-nm kəşfiyyatçılarına nəyin bahasına olursa — olsun Tevanı axtarıb tapmaq əmrini vermişdi. Çox çəkmədən çekistlər Tevanı Tehranda tapıb Bakıya gətirdilər. Mənə sonralar DTK-nın banditizmə qarşı mübarizə şöbəsinin rəisi, məşhur çekist, polkovnik Ələkbər Abdullayev danışırdı ki, Mir Cəfər Bağırov mənim kabinetimdə Tevanı danışdırdıqdan sonra güllələdi… (Şuşinski F. “Şuşa” – Bakı – 1998, səh.189)

“… Anastas Mikoyanın təsirilə 1942-ci ilin yanvarında hazırlanmış azərbaycanlıların Qazaxıstana sürgün edilməsi planına Stalin səviyyəsində müqavimət göstərmək və bu planın ləğvi Mir Cəfər Bağırovun böyük xidmətidir.” (İ. İsmayılov “Azərbaycan – Türkiyə mədəni əlaqələri XX əsrdə” – Bakı, Azərbaycan Dövlət Neft Akademiyasının nəşri – 2004, səh. 71)
“Mir Cəfər Bağırovun “Nizami Gəncəvi” əlyazması ilə şöhrət qazanmaq istəyən, “Dağlıq Qarabağ erməni ölkəsidir” bəyan edən daşnaq yazıçıya böyük Nizaminin bu kəlamı ilə cavab vermişdir: — “Üzr istəyən düşməninə inanma, qapından qov”.
… Əgər Marietta Şaginyan “şəxsiyyətdirsə” onda Mir Cəfər Bağırov kimdir ? Düşmənlərindən güclü şəxsiyyət və əyilməz rəhbər!” (Teyyub Qurban “Marietta Şaginyanın əlyazmasına Mir Cəfər Bağırovun münasibəti və…”, “Nəbz” – 2001, 3-9 noyabr)
“1945-ci ilin noyabrında Ermənistan KP MK katibi Q. Arutyunov İ. Stalinə məktubunda yenidən Qarabağın Ermənistan SSR-ə verilməsi məsələsini qaldırdı. Özü də həyasızlıq o yerə çatdı ki, əgər həmin məsələ müsbət həll olunarsa, onda Qarabağın keçmiş mərkəzi və 1920-ci ildə dağıdılmış Şuşanın bərpası haqqında hazırlanmış əlavə təkliflərin də Mərkəzi hökumətə təqdim olunacağını bilidrirdi. Stalin həmin məktubu G.M. Malenkovun üstünə, o isə öz növbəsində cavab üçün onu Azərbaycan rəhbərliyinə göndərdi. Mir Cəfər Bağırov məktuba cavabında bildirdi ki, Azərbaycan həmin təklifə etiraz etmir. Bu şərtlə ki, Ermənistan SSR, Gürcüstan SSR və Dağıstan MSSR-də əsasən azərbaycanlılar yaşayan, Azərbaycanla həmsərhəd olan və tarixən Azərbaycanın ayrılmaz hissəsi olmuş ərazilər də onun özünə qaytarılsın. Belə bir şəraitdə məsələnin arzuolunmaz istiqamət ala biləcəyini başa düşən “ulu rəhbər” — Stalin bu təklifin gələcək inkişafına nöqtə qoyur. (A. Paşayev “Köçürülmə” – Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1995, səh. 7-8)
1997-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin məcburi köçkünlər və qaçqınlarla görüşündəki nitqindən”

     “Azərbaycanlıların öz dədə — baba torpaqlarından kütləvi deportasiyası İkinci Dünya Müharibəsindən sonra başladı. Yüz minlərlə insan Azərbaycan Respublikasında yerləşdirildi.
O ki, qaldı o dövrdə Mir Cəfər Bağırovun oynadığı rola – Mir Cəfər Bağırovun cəsarətli tədbirləri olmasaydı, indi bu ərazidə nə azərbaycanlılar, nə də ki, Azərbaycan dövləti vardı.”

                                                  Heydər Əliyev

                     Azərbaycan Respublikasının Prezidenti, Dekabr, 1997-ci il.

     Füzuli Baratov

Стандартный

Оставьте комментарий