69 Vahid Əzizin «Mir Cəfər» poeması haqqında söhbət

               Vahid Əzizinin “Mir Cəfər” poeması haqqında söhbət

Şair Vahid Əziz“Azərbaycan” jurnalının noyabr 2015 – ci il nömrəsində  20 il Azərbaycana rəhbərlik etmiş Mir Cəfər Bağırova həsr etdiyi “Mir Cəfər” poemasını nəşr etdirmişdir. “Təzadlar” qəzetinin 31 yanvar 2018 – ci il sayında uzun zaman respublikamızda müxtəlif rəhbər vəzifələrdə işləmiş titul və mükafatlarını saymaqla qurtarmaq bilməyən görkəmli qocaman ziyalımız, ucaman insan Sadıq Nəbi oğlu Murtuzayevin şair Vahid Əzizin “Mir Cəfər” poeması haqqında (Gecikmiş yazı) — sı dərc olunmuşdur. Buna görə çox hörmətli Sadıq müəllimə təşəkkürümüzü bildiririk.
Poemada yer verilən bəzi məqamlara aydınlıq gətirmək üçün Mir Cəfər Bağırovun böyük bacısı Seyid Məsumənin nəvəsi Məmmədtağı Bağırovdan müsahibə almağı qərara aldım.
Siz Vahid Əzizin “Mir Cəfər” poemasını və “Qızıl Qələm” mükafatı laureatı, professor Sadıq Murtuzayevin məqaləsini oxumusunuz. Hiss edirəm ki, poemadakı bəzi fikirlərə aydınlıq gətirmək lazımdır.
— Əvvəla şair Vahid Əzizə də, böyük el ağsaqqalımız Sadıq müəllimə də Mir Cəfər Bağırova öz vətəndaşlıq mövqelərindən yanaşmalarına görə öz təşəkkürümü bildirirəm. Artıq Mir Cəfər Bağırovun “buzu” əriməkdədir. Bunu arxiv sənədləri əsasında yazılan kitablardan görmək mümkündür. Gözəllik, lirik və nəğməkar şairimiz Vahid Əziz bir növ Mir Cəfər Bağırovun respublikaya rəhbərlik etdiyi dövrdə onun xeyirxah əməllərini bədii formada təsvir edir. Mən bir şeyə aydınlıq gətirim ki, 1937 – 1938 – ci illərdə poemada adı çəkilən Stepan Yemelyanov 1937 – ci il hadisələrində Bakının Kirov rayonu Partiya Komitəsinin I katibi idi. O, Yejov SSRİ Daxili İşlər Nazirliyindən çıxarılıb 1938 – ci ildə həbs olunandan sonra respublika “KQB” – sinin sədri olmuşdur. O, poemada daşnaq kimi təsvir olunub. Əslində Stepan Yemelyanov tatar əsilli rus olub. Tatarıstandan öz valideynləri ilə köçüb Azərbaycanda yaşayanlardandır. 1937 – 1938 – ci il repressiyalarında isə “KQB” – nin başçısı Sumbatov (Topuridze) Yuvelian Davudoviç (1934 – 1938) olub. Onu da qeyd edim ki, SSRİ prokuroru Roman Rudenkonun arayışında yazılıb ki, onu xəstə olduğu üçün onun üzərində istintaq işi dayandırılmışdır. (“Mir Cəfər Bağırovun məhkəməsi”, Bakı – Yazıçı, 1993, səh.118  F. B.)
Çoxları üçün hələ də qaranlıq olan 1937 – ci ilin avqustun 5 – dən 1938 – ci ilin sentyabrına kimi davam edən “SSRİ Xalq Daxili İşlər Komissarının 30 iyul 1937 – ci il tarixli 00447 nömrəli qərarı” ilə 15 ay davam edən repressiyaya müttəfiq respublikaların heç bir rəhbər işçisinin müdaxilə etməyə səlahiyyəti yox idi. Formal olaraq respublikaların “üçlük”lərinin sədrləri respublikaların  Xalq Komissarlarının sədrləri idilər. Çox təəssüflər olsun ki, keçmiş ANS – in və indiki Xəzər TV – nin aparıcılarından olan Həmid Herisçi ANS – dəki “Şəxsiyyət  vəsiqəsi” verilişlərindən birində Mir Cəfər Bağırovu “üçlüy”ün üzvü kimi təqdim edib. Tarixdən xəbəri olmayıb tarixdən danışanlar gələcək nəsillər üçün mənəvi faciəyə səbəb olan çaşğınlıq yaradırlar.
Yeri gəlmişkən onu da deyim ki, keçən il “Bizim yol” qəzetində və kulis.az saytında həkim, Tibb Universitetinin müəllimi, bəzi telekanallarda özünü gülüş hədəfinə çevirən Rəşid Mahmudov müsahibəsində deyib: “Azərbaycanın heç bir şairini nə Səməd Vurğun, nə Süleyman Rüstəm satıb. Satqın iki əclaf olub: Məmməd Səid Ordubadi və Məmməd Rahim.” Guya o da bunları “KQB” – nin arxivindən oxuyub.
Vallah, eyibdir, sonra deyirlər ermənilərin siyasəti bizimkindən güclüdür. Son vaxtlar tarixdən xəbəri olmayanlar, tarixi uyduranlar müxtəlif hadisələrə bəd nağıl, rəvayət kimi baxırlar.
“Yeni Azərbaycan” qəzetinin 6 aprel 2003 – cü il nömrəsində Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun arxiv tədqiqatçısı Musa Bağırov yazır: “Bu yaxınlarda televiziya  verilişlərindən birində bir nəfər özünü Mir Cəfər Bağırovun cangüdəni olduğundan danışır. Həmin adam danışır ki, Stalin azərbaycanlıları sürgün etmək istəyibmiş: “Mir Cəfər Bağırov götürdü məni getdik Stalinin yanına. Bir tapança onun belində, biri də mənim. Mən oturdum qəbul otağında, Bağırov girdi Stalinin yanına. Dedi, əgər Stalin köçürmə planını dəyişməsə başına bir güllə çaxacam.” Axı bu söhbəti efirə verənlər özləri xəcalət çəkməlidirlər. Stalinin qəbuluna silahla girmək, nə bilim belə boş söhbətlər o illərdən xəbəri olmayanların söhbətləridir. Hər deyiləni götürüb efirə vermək olar?”
Stalinin qəbulunda olan insanlar barədə sizin məlumatınız varmı?
— Bəli. 1996 – cı ildə Moskvada “İstoriçeskiy arxiv” jurnalının II nömrəsində 20 – ci səhifədə bu haqda məlumat vardır. Orada Stalinin qəbulunda kimlərin olması, ayın tarixi, ili, ayı və neçə dəqiqə qəbulda olması barədə məlumat var.
Yuxarıda Rəşid müəllim göstərir ki, Səməd Vurğun və Süleyman Rüstəm adam satmayıb. Bu həqiqətdir. Səməd Vurğun adam satmasa da 1937 – 1938 – ci illərdə bir çox ziyalılarını “ifşa” edib. O cümlədən 1954 – cü ildə Bakıda keçirilən 12 – 16 fevral tarixli qurultayda demişdir:
“Mən çıxışımın axırında demək istəyirəm ki, partiya təşkilatımız Mir Cəfər Bağırova bizim münasibətimizi müəyyən etməlidir. Mən qurultaya təklif edirəm: Sov. İKP MK – dan xahiş edilsin ki, Mir Cəfər Bağırov Azərbaycan KP MK – nın tərkibindən çıxarılsın. Sonra xahiş edilsin ki, o, Sov. İKP MK tərkibindən çıxarılsın. Ali Sovet deputatlarının tərkibindən geri çağırılsın və törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilsin. (Alqışlar).”
Beləliklə şair Moskvanın, Xruşşovun, Mustafayevin diktəsini canla – başla yerinə yetirmiş oldu və ona görə də 1954 – cü ilin martın 29 – da Mir Cəfər Bağırov öz Moskvadakı mənzilində həbs olunub Lefortova zindanına salındı. Səməd Vurğunun bu “zəhməti” hədər getmədi. Ona xidmətinə görə 1956 – cı ildə Azərbaycan SSR Ali Sovetinin sədri Mirzə İbrahimovun fərmanı ilə Xalq Şairi adı təsis olundu və birinci bu ada layiq görülən ilk Azərbaycan şairi Səməd Vurğun oldu. Üstəlik Bakıdakı Qırmızı Ordu küçəsinin adı dəyişdirilərək Səməd Vurğun küçəsi adlandırıldı. Buna etiraz olaraq Sovet İttifaqı marşalı Jukov Azərbaycan rəhbərliyinə irad bildirsə də, Nikita Xruşşovun sifarişi Səməd Vurğunun xeyrinə nəticələndi. Onu da deyim ki, Mir Cəfər Bağırov hələ 1949 – cu ilin yanvarında Lerik rayonunun Kürdəsər kənd sakini, gənc yazar Mir Cəfər Bağırovun qəbulunda olmuş, Bağırova müraciət edərək bildirmişdir ki, o, Xalq Şairi olmaq istəyir. Mir Cəfər Bağırov gənc yazara demişdir:
“Xalq şairi olmaq hər hansı bir şairin özündən və istəyindən asılı deyildir. Bu adı ona heç bir hökumət və partiya da verə bilməz. Bu qiymət nadir söz sərraflarına xalqın özü tərəfindən verilir.”
Onu da qeyd edim ki, Səməd Vurğundan fərqli olaraq 1956 – cı ildə Mir Cəfər Bağırovun qondarma məhkəməsindən iki ay qabaq məhkəmənin anonsu verilmişdir. Sov. İKP – nin XX qurultayında Azərbaycan KP MK – nın I katibi İmam Mustafayev məruzəsində demişdir ki, Mir Cəfər Bağırov 1937 – ci il repressiyalarına cavab verməlidir. O cümlədən, 1925 – ci ilin martında Moskvada vəfat edən Nəriman Nərimanovu da, 1930 – cu ildə Moskvada uzun sürən xəstəlikdən sonra vəfat edən Azərbaycan SSR MK sədri Səmədağa Ağamalıoğlunu da 1937 – ci il qurbanlarının siyahısına daxil etmişdir.
Zəruri qeyd: Mir Ağa Bağırov 1918 – ci ilin məlum Quba mart qırğınlarında şəhid olduqdan sonra onun iki qızı və bir oğlu salamat qalmışdır. Şəhid Mir Ağanın böyük qızı Seyid Nərgiz 1924 – cü ildə Həsən bəy Talıbovla ailə qurmuş, ikinci qızı 1912 – ci ildə anadan olmuş  Seyid Səkinəni Mir Cəfər Bağırov övladlığa götürmüşdür. 1914 – cü ildə anadan olmuş Seyid Məmmədi isə Mir Cəfər Bağırov Daxili İşlər Naziri vəzifəsində işlədiyi vaxt, onunla yaxşı münasibəti olan Səmədağa Ağamalıoğlunun himayəsinə vermişdir. Səmədağa Ağamalıoğlu o vaxt Bakıdakı İqtisad Universiteti ilə üzbəüz Köhnə Kommunist (indiki İstiqlal) küçəsində ikinci mərtəbədə yaşayırdı və balaca Seyid Məmməd köhnə Bakı Soveti, indiki İçəri Şəhər metrosu ilə üzbəüz olan məşhur məktəbdə oxuyurdu. Anasından ayrı yaşaya bilməyən balaca Seyid Məmməd Qubaya, anasının yanına qaçır.
1930 – cu ilin oktyabrında Mir Cəfər Bağırov Moskvada Səmədağa Ağamalıoğlunun dəfnində iştirak edib.
1948 – ci ildə Mir Cəfər Bağırovun və Teymur Quliyevin sərəncamı ilə Bakıda Fəxri Xiyaban yaradıldıqdan sonra Səmədağa Ağamalıoğlunun cənazəsinin qalıqları Moskvadan Bakının Fəxri Xiyabanına köçürülmüşdür. Necə ola bilər ki, 1930 – cu ildə ildə Moskvada öz əcəli ilə ölmüş bir adamı 1937 – ci ildə Bakıda Mir Cəfər Bağırov repressiya olunanlar siyahısına saldırsın?
Rəşid həkimin Məmməd Səid Ordubadiyə və Məmməd Rahimə “əclaf” deməyinə sizin münasibətiniz  maraqlı olar.
— “Hümmət” qəzetinin redaktorluğundan başlamış “Vətən və hürriyyət”, “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Qılınc və qələm” və başqa romanların, “Nərgiz”, “Koroğlu”, “Nizami” operalarının, çox sayda poemaların və nəsr əsərlərinin müəllifi olan dahi insan Məmməd Səid Ordubadiyə, müttəfiq respublikalarda oxşarı olmayan simaya çirkab atmağa Rəşid həkimin mənəvi haqqı yoxdur.
Məmməd Rahimə gəldikdə isə düzdür, Rəsul Rza da, Səməd Vurğun da, Süleyman Rüstəm də 30 – cu illərdə müsavatçılara həcvlər yazmışlar. Bunlar faktdır. Məmməd Rahimə və Məmməd Səid Ordubadiyə ona görə çirkab atırlar ki, onların indiki dövrdə imkanlı qohum – qardaşları yoxdur. Sənətkara və ictimai xadimə zaman və xalq qiymət verməlidir. Rəşid həkimin bu cür qərəzli çıxışlarını bağışlamaq olar, çünki o arxivdə olmayıb, sadəcə başqalarından eşidib. Bizim tarixlə məşğul olan bəzi ziyalılarımız isə ağa qara deməklə məşğuldurlar. Onlara misal Ədalət Tahirzadəni, Firidun Cəlilovu, Şəmistan Nəzirlini və başqalarını göstərmək olar.
Anarın Mir Cəfər Bağırov haqqında çəkdiyi filmə münasibətiniz.
Ədalət Tahirzadə Mir Cəfər Bağırovun zindan həyatını təsvir edir və oxuculara  bir fotoşop da təqdim edir. Aydınlaşdırılıb ki, həmin şəkil Mir Cəfər Bağırova aid deyil. Bağırov zindan həyatı yaşamayıb. O, 1956 – cı ildə hökm oxunanda bir həftə sonra, mayın 5 – də güllələnmişdir. Zindan həyatı uydurmadır. Keçən müsahibəmdə demişdim, Ədalət Tahirzadə kor və kardır. Kordur ona görə ki, Azərbaycan prezidenti İlham Heydər oğlu Əliyevin sədrliyi ilə 2011 – ci ildə nəşr olunmuş Azərbaycan Milli Ensiklopediyasının III cildinin 29 – cu səhifəsində Mir Cəfər Bağırovun doğulduğu il 1896  və 1956 – cı il may ayının 26 – da (əslində mayın 5 – də) güllələnməsi haqqında məlumat var. Kardır ona görə ki, Mir Cəfər Bağırov haqqında nəşr olunan və danışılan həqiqətləri eşitmir.
Firidun Cəlilov isə (bu günkü təhsilimizi bərbad günə qoyan) “Günaz” TV – də çıxışında deyib ki, Mir Cəfər Bağırov azərbaycanlıların sürgün olunmamasını azərbaycanlılara olan məhəbbətindən yox, guya azərbaycanlılar olmasa onun vəzifəsi əlindən çıxacağına görə sürgünə etiraz edib. Əhsən belə kəşfə.
Şəmistan Nəzirli isə Azərbaycan generalları haqqında əsərlərində  Bağırov və Şıxlinskini  bir – birinə düşmən edir. Halbuki, arxiv sənədlərinə əsaslanan yazılarda bunun əksinin şahidi oluruq. Professor Nəsib Nəsibli isə 37 – ci illərdə Bağırovun 80 min azərbaycanlının cəzaya məruz qoyduğunu göstərir. Bununla demək istəyirəm ki, Mir Cəfər Bağırovun bostanına daş atanlar bilməlidirlər ki, yalanın ömrü arxivə qədərdir.
Tağı dayı, sizi yordum. Ancaq suallarım çoxdur. Məhəbbət şairi, lirik şair Vahid Əzizin Mir Cəfər Bağırova münasibətinə rəy bildirdiniz. Şair Rəsul Rza da 1958 – ci ildə Mir Cəfər Bağırova həsr etdiyi «Qızıl gül olmayaydı” şerini yazıb. Buna münasibətiniz necədir?
— Rəsul Rza haqqında onu deyim ki, “Qızıl gül olmayaydı” poemasını 1958 – ci ildə yazıb və 1962 – ci ildə “Pəncərəmə düşən işıq” kitabında 8 min nüsxə ilə çap olunub. Rəsul Rzanın qaynatası, yəni Nigar Rəfibəylinin atası Xudadat bəy Gəncə qubernatoru olub və keçən əsrin 20 – ci illərində Sovet hökumətinə qarşı üsyan qaldıranlara rəhbərlik edib. Buna baxmayaraq Mir Cəfər Bağırov onun qızı Nigar Rəfibəyli və başqa qohumlarına sovet cəza dəstələrinin bəd niyyətlərinin qarşısını alıb. Rəsul Rzanın “Qızıl gül olmayaydı” poemasında Bağırovu şərləməsi başa düşüləndir. Çünki, həmin illərdə Mir Cəfər Bağırovun qondarma məhkəməsinin qanunları hələ qüvvədə idi. Məni təəssüfləndirən odur ki, oğlu Anar 2000 – ci ildə heç bir arxiv sənədinə istinad etmədən “İblis” kinofilmini çəkmişdir. Bu film heç bir tarixi sənədə, heç bir rəsmi arxiv sənədinə əsaslanmır. Şər və böhtan kompaniyası Rəsul Rza dövründə labüd idi, arxivlərin bağlı olduğuna görə. Bu başa düşüləndir. Müstəqil Respublikamızda arxivlərin açıq olduğu bir vaxtda film şər nağılları və rəvayəyətləri əsasında çəkilmişdir. Bağırov rolunu oynayan deyir: “Məni şaqqalamaq lazımdır.” Əslində Mir Cəfər Bağırov son sözündə demişdir: “Əgər qarşınızdakı sənədlərə inansaq, repressiyalarda və başqa işlərdə mənim xalqım qarşısında azacıq da olsa günahım varsa məni güllələmək yox, asmaq yox, şaqqalamaq lazımdır.”
Tağı dayı, professor Sadıq Murtuzayev yazısında Mir Cəfər Bağırovun cənazəsinin qalıqlarını Nargin adasından gətirilib oğlunun yanında dəfn olunduğunu göstərib.
— Sadıq Murtuzayev belə məlumat yazıb. Ancaq Mir Cəfər Bağırovun cənazəsinin qalıqları Qobustan rayonunun ərazisindəki keçmiş hərbi bazanın qəbirsanlığında aşkar olunmuşdur. Bu da tarixin bir təsadüf və möcüzəsidir ki, Mir Cəfər Bağırovun cənazəsinin qalıqları 2016 – cı il 6 oktyabrda 120 yaşı tamam olan gün şəhid oğlu Cahangirin yanında torpağa tapşırılmışdır. Söhbətimin axırında çəkdikləri zəhmətlərinə görə, fədakarlıqlarına görə el ağsaqqalı, ucaman Sadıq Murtuzayevə və məhəbbət şairi Vahid Əzizə xoş arzularımı bildirirəm və Vahid Əzizin bir şeri ilə xudafisləşirəm:

      Şair qaranquş kimidir –

      Öldürən bədbəxt olacaq…

Mir Cəfər Bağırovun bacısı nəvəsilə söhbətləşdi: Mir Cəfər Bağırov saytının meneceri, tədqiqatçı jurnalist Füzuli Baratov

 

Стандартный

Оставьте комментарий