67 Fazil Məmmədov — 85

                         Fazil Məmmədov  —  85

Mir Cəfər Bağırovun siyasi bioqrafı Fazil Həsənbala oğlu Məmmədov 1933 – cü il may ayının 3 – də Quba rayonunun Amsar kəndində peşəkar əkinçi və bağban ailəsində anadan olmuşdur. 1941 – 1947 – ci illərdə Qubada 7 illik təhsilini başa vurduqdan sonra 4 illik Quba Pedaqoji məktəbində oxumuşdur. 1950 – 1956 – cı illərdə təhsilini o zamankı S.M. Kirov adına ADU – da davam etdirmişdir. 1956 – cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirdikdən sonra Azərbaycan SSR Mədəniyyət Nazirliyinə işə göndərilmişdir. 1956 – 1960 – cı illərdə burada işlədikdən sonra indiki M.F. Axundov adına Milli Kitabxanada fəaliyyət göstərmiş, elə buradan da təqaüdə çıxmışdır. Sənətşünaslıq elmləri üzrə Fəlsəfə Doktoru, Respublikanın Əməkdər Mədəniyyət işçisidir. O, Mir Cəfər Bağırov haqqında bir çox kitabların müəllifidir. Onun ümumiyyətlə 500 çap vərəqi həcmində nəşr olunmamış əlyazmaları var. Ailəlidir, iki övladı və iki nəvəsi var. Fazil müəllim hal – hazırda müəllifi olduğu “Mir Cəfər Bağırov” sənədli roman üzərində işləyir. “Kişi” adlı romanın proloqunu oxuculara təqdim edirəm. Onu da qeyd edim ki, bu cəfakeş alimin bu il mayın 3 – də 85 yaşı tamam olur. Ona cansağlığı arzulayırıq.

                                     Proloq

Əgər o qədim Romanın üsyankar qəhrəmanı Spartakın müasiri olsaydı haqq və ədalət uğrunda gördüyü işlərə görə baş ələmdar seçilərdi. Ərəstunun şagirdi İsgəndər Zülqərineynin həmyaşıdı olsaydı sərkərdəlik səriştəsinə  və məharətinə görə adını özünün fateh bayrağına həkk etdirərdi. Məhəmməd Peyğəmbər salavatullahın yanında olsaydı müsəlman dünyası qarşısındakı xidmətlərinə görə adı Həzrət Əli ilə qoşa çəkilərdi. Qədim rus elinin bahadırları Aleksandr Nevski, Dmitri Donskoy, Kuzma Minin, Aleksandr Suvorov və Mixail Kutuzovla bir cəbhədə vuruşsaydı qorxmazlığına, igidliyinə və şücaətinə görə onların hər birini heyrətə gətirərdi. Fəqət dünyaya möcüzəli Asiyanın qəlbi olan Azərbaycanın – onun dilbər guşəsi qədim Qubada – peyğəmbər şəcərəsindən olan seyid Mir Abbas Mir Bağır oğlunun evində dünyaya göz açdı. İsmini müsəlmanların 6 – cı imamı Cəfər Sadiqin mübarək adı ilə çağırdılar. Bu ecazkar diyarda böyüyüb boya – başa çatdı və tale ona doğma xalqına rəhbərlik etmək qismətini yetirdi. Azərbaycana rəhbərlik etdiyi 30 il ərzində doğma yurdu laləzara çevirdi, qurdu, tikdi, gələcək nəsillər üçün yeni Azərbaycan yaratdı. 1942 – 1950 – ci illərdə millətinin elliklə sürgün olunmasının qarşısını aldı, sipərə çevrildi. Böyük Vətən Müharibəsi illərində xalqın gücü ilə ölkəyə elə dayaq oldu ki, bütün respublika böyük qələbəyə ilk nail olanlardan sayıldı.
Azərbaycan rəhbərinə isə bu fəlakətli illərdə bəşəriyyəti faşizm bəlasından qurtarmaqda mühüm strateji rol oynayan neft və yanacaq məhsulları istehsalı, onun birbaşa döyüş cəbhəsinə vaxtında və artıqlaması ilə çatdırılması sahəsindəki müstəsna xidmətlərə görə Qızıl Ordunun ən yüksək hərbi rütbəsi olan Sovet İttifaqı Marşalı adı verilmişdir.
1949 – cu ilin son ayında İosif Stalin Kremldə ölkəmizə qonaq gəlmiş yarımdünya — Çin Xalq Respublikasının rəhbəri Mao Tsze Donla görüşərkən üzünü möhtərəm qonağa tutaraq demişdir: — Lütfən tanış olun ! Bu Qafqaz Qartalı Mir Cəfər Bağırovdur !
Ölkə başçısı — Stalinin bütün ömrü boyu siyasi etimad göstərdiyi Azərbaycan rəhbəri son nəfəsinə kimi ölkəyə və xalqa sədaqətlə xidmət etmiş, bu tarixi işlərinə görə milyonların yaddaşında əbədiləşmişdir.
Ucsuz – bucaqsız SSRİ – nin hər yerində və bütün müsəlman aləmində hamı onu dediyi sözün üstündə axıracan duran, iradəli, cəsur və qorxmaz bir adam kimi tanıyırdı. O, xüsusi əzmkarlığı, fövqəladə şücaəti, bacarığı və sonsuz qətiyyəti ilə dövlətin və xalqın böyük rəğbətini qazanmışdı. Məhz bu kimi nadir xüsusiyyətləri və cəhətlərinə görə xalq ona bütün müsəlman dünyasında ən ali insan dəyərlərini özündə birləşdirən və dərin məna daşıyan kişi adını vermişdi.
Dahi rəhbərin böyük fərəh və qürurla Qafqaz Qartalı adlandırdığı və xalqın xüsusi rəğbətlə kişi adlandırdığı bu möhtəşəm insan Azərbaycana rəhbərlik etdiyi dövrdə xalqımızın qəhrəmanlıq tarixinə zəfər salnaməsi yazmışdır. Gəlin doğma tariximizin bu şanlı zəfər salnaməsini birlikdə səhifələyək !

P.S. Fazil müəllimin Mir Cəfər Bağırova həsr etdiyi, arxiv sənədlərinə istinadən yazılmış “Kişi” romanı belə başlayacaq:

                          Böyük həyatın başlanğıcı

Müəllif, sənətşünaslıq elmləri üzrə fəlsəfə doktoru, Fazil Məmmədov

                               Birinci fəsil

Əlvida, ey mənim canım – ciyərim Quba !
Sən olduqca gözəlsən.

A.A. Bestujev – Marlinski

XIX əsrin sonu və XX əsrin əvvəllərində Qubada ictimai, siyasi və mədəni vəziyyətə dair fraqmentlər.

( Sentyabr 1896 – cı il — iyun 1913 – cü illər, Quba şəhəri )

                              İkinci fəsil

“Zehinli olsam da təhsilimi davam etdirməyimə maddi çətinliklər mane olurdu. Yalnız Quba Ali İbtidai məktəbin müəllim heyətinin bacarığıma heyfsilənmələri sayəsində mənim Petrovsk şəhərindəki 2 illik pedaqoji kursda dövlət hesabına oxumağıma şərait yarandı.”
Mir Cəfər Bağırovun 1923 – cü ildə yazdığı “Avtobioqrafiya” adlı arxiv sənədindən                 ( 1 iyul 1913 – 31 iyul 1918 – ci illər. Mahaçqala, Quba, Bakı )

  “Böyük həyatın başlanğıcı” yeniyetməlik, təhsil və müəllimlik illəri – xalqa doğru yönələn yollar və ilkin inqilabi fəaliyyətə aiddir.
Romanın həcmi 50 fəsil, 500 səhifədən ibarətdir.

 

        Mir Cəfər Bağırov saytının meneceri – Füzuli Baratov

 

Стандартный

Оставьте комментарий