61

 Mir Cəfər Bağırov və Məmmədəmin Şəkinski

                İkinci yazı

Fəqət M.Şəkinskinin hökumət başçısına bəslədiyi ümidləri boşa çıxdı. Kreml sarayında yüksək səviyyəli iclasda Lavrenti Beriyanın qəfildən əl-qolunu bağlayıb apardılar, gizlicə qətlə yetiirdilər. Sonra da Mir Cəfər Bağırovun adını hallandırmağa başladılar. Məmmədəmin Şəkinskinin Malenkova yazdığı məktubundakı «yejovçuluq» kəlməsi «Beriya-Bağırov» ifadəsi ilə əvəz olundu, yalanın ayağı yer tutdu, yeridikcə yeritdilər…

1955-ci ilin sentyabrında M.Şəkinskinin 18 il sürən məşəqqətli sürgün həyatına son qoyuldu, Bakıya qayıtdı. Əlli beş yaşlı dönməz əqidə sahibi respublika rəhbərliyi tərəfindən ehtiramla qarşılandı. Ona hətta cavanlığındakı vəzifəsini də təklif etdilər — Bakı şəhər milis rəisi. İmtina etdi. Daxili İşlər Nazirliyinin arxivində işləməyə razılıq verdi. Beləliklə, əmək kitabçasında Kalıma və Krasnodar ölkəsindən sonra Bakı şəhəri yazıldı.

1957-ci ilin yanvarın 18-də Azərbaycan SSR Daxili İşlər naziri Əli Kərimovla Bakı milis idarəsinin sabiq sədrlərindən biri Məmmədəmin Şəkinskinin təkbətək görüşü «tam qarşılıqlı anlaşma» ilə bitdi. Mir Cəfər Bağırovun vaxtında məsul vəzifələrdə çalışmış və M.C.Bağırovdan sonra ona qarşı şər-böhtan kampaniyalarından imtina etmiş Əli Kərimov bağırovçu, ədalətli mübariz insanı DİN-nin Arxiv İdarəsinin rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi. Arxiv idarəsinə bilavasitə Əli Kərimovun birinci müavini, Sovet İttifaqı Qəhrəmanı Xəlil Məmmədov rəhbərlik edirdi. 1945-ci il mart ayının 24-də SSRİ Ali Sovetinin fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adını almış Xəlil Məmməd oğlu Məmmədov müharibədən sonra Bakı Şəhər, Əzizbəyov rayon partiya komitələrinin katibi və Azərbaycan KP MK-nın şöbə müdiri vəzifələrində çalışmışdı. Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan sənədlərdən məlum olur ki, 1958-ci il iyul ayının 7-dən 22-dək Daxili İşlər Nazirliyi Arxiv idarəsinin rəisi polkovnik M.Ə.Şəkinski arxiv materiallarının qorunub saxlanılmasında əməli köməklik göstərmək məqsədilə Göyçay, Zaqatala, Şəki və digər rayonlara ezam olunmuşdur. M.C.Bağırovun Azərbaycana rəhbərliyi dövründə Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Azərbaycan SSR Səhiyyə naziri Azərbaycan KP MK şöbə müdiri müavini vəzifələrində olmuş Vəli Axundov 1959-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra Əli Kərimovun da, Xəlil Məmmədovun da, M.Şəkinskinin də irəliləyişi baş vermişdir. Əli Kərimov Azərbaycan SSR Nazirlər Soveti sədrinin mədəniyyət məsələləri üzrə müavini, Xəlil Məmmədov Azərbaycan SSR Daxili işlər naziri, Məmmədəmin Şəkinski Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi vəzifəsinə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivində 1960-cı il aprelin 4-də Azərbaycan SSR Daxili İşlər naziri Xəlil Məmmədovun imzaladığı əmrin surəti saxlanılır. Burada deyilir ki, Azərbaycan SSR Nazirləri Sovetinin 1960-cı il 25 mart 204-27s nömrəli qərarına müvafiq olaraq, milis polkovniki, Azərbaycan SSR DİN Arxiv İdarəsinin rəisi M.Ə.Şəkinski 1960-cı il aprelin 1-dən Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamına göndərilsin.

Bir il sonra, 1962-ci ilin əvvəlində Əli Kərimovun vəzifə pilləsi respublikamızda Vəli Axundovdan sonra ən yüksək bir səviyyəyə qaldırıldı. Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin Partiya-Dövlət Nəzarəti Komitəsi və onun yerlərdə orqanlarının yaradılması ilə əlaqədar olaraq, Əli Kərimov Azərbaycan SSR nazirlər Sovetinin müavini qalmaqla, həm Azərbaycan KP MK katibi seçildi və həm də Respublika Partiya — Dövlət Nəzarəti Komitəsinin sədri təyin olundu.

Arxiv sənədləri göstərir ki, Məmmədəmin Şəkinskinin ürəyincə olan bu nəzarət orqanının fəaliyyətinin ilk günlərindən o, Əli Kərimovun ən yaxın köməkçilərindən və əvəzsiz məsləhətçilərindən biri, bəlkə birincisi olmuşdur. Arxiv idarəsinin sədri Respublika Partiya Dövlət Nəzarəti Komitəsinin qeyri — adi ştatdankənar üzvü kimi də fəaliyyət göstərmişdir. Bu cəhətdən arxivdə tanış olduğumuz bir arayış bunun nümunəsidir. Əli Kərimovun şəxsən tapşırığı ilə milis polkovniki M. Şəkinski Bakının Nəriman Nərimanov rayonunda mənzil sahəsinin uçotu və bölüşdürülməsi vəziyyətini yoxlayaraq arayış təqdim etmişdir. Bu arayışın müəyyən hissələrini oxuculara təqdim edirəm:

  1. ŞƏKİNSKİ:

— 1962-ci il fevral ayının 27-də adi bir vətəndaş sifətilə Nərimanov rayon icraiyyə komitəsinin mənzil şöbəsinin müdiri Katamadze yoldaşın qəbuluna düşüb, mənzillərin bölüşdürülüb paylanması məsələsi ilə maraqlandım. Katamadze ayağa qalxıb məni zorla otağından çıxardı. Düzdür, mən özümü rəsmi təqdim etməmişdim. Bu, o deməkdir ki, Nərimanov RİK-nin mənzil şöbəsində şikayətə gələn hər hansı bir vətəndaşla belə kobud rəftar edilə bilər. Üstəlik, bu hadisə baş verən zaman milis işçisi Popova da Katamadzenin kabinetində idi.

Yoxlamadan müəyyən edildi ki, Nərimanov rayon icraiyyə komitəsi aparatının və ilk növbədə mənzil şöbəsinin qapıları buraya müraciətə gələnlərin üzünə bağlıdır. Müdirin yanına ancaq «tanışlıqla» və ya «qabaqcadan telefonla zəng etməklə» düşmək mümkündür. Vətəndaşların mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunmasında ciddi qüsurlara yol verilir. Məsələn, mağazada işləyən vətəndaş Badasyan Q.S. 1928-ci ildən qardaşı ilə birlikdə 36 kv. metr sahəsi olan ikiotaqlı mənzildə yaşayır. Mənzil uçotu qaydalarına zidd olaraq Badasyan Q.S. növbəyə alınmışdır. Bufet işçisi Kalaşnikova V.V. 17 kv. metr sahəsi olan mənzildə yaşasa da, rayon icraiyyə komitəsinin qərarı ilə «mənzilə çox ehtiyacı olanların siyahısı»na salınmışdır. Hamamda kisəçi işləyən və 28 kv. metr sahəli mənzildə yaşayan Abbas Həsənov da yenidən mənzil növbəsinə götürülmüşdür. Mərkəzi univermağın bölmə müdiri Panina L.A. 41 kv. metr sahəsi olan mənzildə yaşamasına baxmayaraq, mənzil növbəsinə salınmışdır. Nərimanov rayon milis şöbəsinin rəis müavini Petruşenko A.Q. 28 Aprel küçsəsindəki 4 nömrəli 63 kv. metr sahəli evdə yaşamasına baxmayaraq, rayon icraiyyə komitəsinin qərarı ilə 3-cü Dağüstü küçəsində 16 kv. metr sahəli yeni mənzil almış və oraya qardaşını köçürmüşdür.

 

Göstərilənləri nəzərə alaraq təklif edirəm:

 

  1. Ləmbəranski və Yurxanov yoldaşlara tapşırılsın ki, vətəndaşların mənzil növbəsinə alınması və onlara mənzil verilməsi işini ciddi nəzarət altına alsınlar. Zirzəmilərdə və qəza vəziyyətində olan evlərdə yaşayan vətəndaşlar yeni mənzillə təmin olunmayınca heç kəsə yeni mənzil sahəsi ayrılmasın.
  2. Nərimanov rayon icraiyyə Komitəsinin sədri Yurxanov yoldaşa bir vəzifə olaraq tapşırılsın ki, icraiyyə komitəsində elə qayda yaradılsın ki, vətəndaşlar iş gününün hər hansı bir saatında rayon icraiyyə komitəsinin şöbələrinə və rəhbərlərinə maneəsiz müraciət edə bilsinlər. Mənzil şöbəsinin işçisi Katamadzenin məsələsi rayon icraiyyə komitəsinin iclasında müzakirə edilsin və onun gələcəkdə də qalıb-qalmaması məsələsi həll olunsun.

Azərbaycan Partiya Dövlət Nəzarəti Komitəsinin sədri Əli Kərimov Məmmədəmin Şəkinskinin arayışında göstərilən faktlar əsasında təcili tədbirlər görülməsi  üçün  müvafiq  işçilərinə tapşırıq vermiş, ertəsi günü Azərbaycan SSR Nazirlər  Soveti  yanında  Arxiv  İdarəsinin rəisini hökumət binasındakı kabinetində qəbul etmişdir.

Əli Kərimov da, Məmmədəmin Şəkinski də  Mir  Cəfər Bağırov dövlət  quruculuğu ənənələrini ləyaqətlə davam etdirirdilər. Hər ikisi mənəviyyatca  saf,  prinsipial,  son dərəcə obyektiv, yüksək vəzifəlilər qarşısında  yaltaqlanmayan  şəxsiyyətlər  idilər. Mir Cəfər Bağırovun arxiv qovluqlarında rast gəldiyimiz əlyazmasından  parçalar  onların  yaddaş dəftərində həkk olunmuşdu: «Əməlisaleh deyilsənsə, başqalarına nümunə  ola  bilməzsən», «İnamın olmasa, inandıra bilməzsən».

M.C. Bağırovun zərb-məsəl kimi səslənən bu sözləri M. Şəkinskinin parlaq şəxsiyyətinin canlı cizgiləri idi. Azərbaycan Respublikası Dövlət Arxivində onun  kadr  seçilməsinə  düzgün münasibətini göstərən bir material ilə oxucuları tanış etmək yerinə düşər. 1960-cı il fevralın 19-da M.Şəkinskinin ünvanına Naxçıvan MSSR-dən aşağıdakı rəsmi məktub  daxil olmuşdur:

«Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin razılığı ilə Sov. İKP üzvü  Məmmədov İbrahim Alməmməd oğlunu Sizin yanınıza söhbətə göndəririk. Məmmədov İ.A. 1946-cı ildən Sov. İKP üzvüdür, natamam ali təhsili var.

Məmmədov İbrahim Alməmməd oğlunu Naxçıvan MSSR DİN-in Arxiv şöbəsinin rəisi vəzifəsinə tövsiyə edirik.

Naxçıvan MSSR daxili işlər nazirinin vəzifəsini icra edən K. Məmmədov.

17 fevral 1960-cı il

Naxçıvan şəhəri.»

 

Həmin il fevral ayının 22-də İ.A. Məmmədov Bakıda M. Şəkinskinin qəbulunda  olmuşdur. Söhbətin gedişində məlum olmuşdur ki, son illərdə İ. Məmmədov ticarət — kooperativ şəbəkəsində çalışmış, mənimsəmə hallarına görə cinayət məsuliyyətinə alınmış və 8 il müddətinə azadlıqdan məhrum olunmuşdur. İ. Məmmədovun tarixçi ixtisası təhsili yoxdur.

 

Elə həmin gün Bakıdan Naxçıvana rəsmi cavab məktubu yola salınmışdır:

 

«Naxçıvan MSSR daxili işlər naziri polkovnik Nuriyevə

 

Sizin 1960-cı il 17 fevral (211 N-li) məktubunuza cavab

 

Göndəridiyiniz İ.A. Məmmədov yoldaş uzun illər ticarət şəbəkəsində işləmişdir. Sizə məlum olduğu kimi, arxiv işi Sovet Azərbaycanının tarixi üzrə elmi — tədqiqat fəaliyyətinin ən mühüm sahəsindən biridir. Belə hesab edirik ki, İ.A. Məmmədov yoldaş  Muxtar  Respublikanın  arxiv orqanlarına başçılıq edə bilməz. Bunu da nəzərə alın ki,  son  vaxtlar  Naxçıvan MSSR Mərkəzi Dövlət Arxivinin tərkibinə lazımi səriştəsi olmayan işçilər qəbul edilmişdir.

Bununla yanaşı, Arxiv İdarəsinin rəhbərliyi belə hesab edir ki, ticarət — kooperativ  işini yaxşı bilən İ.A. Məmmədovu öz ixtisası üzrə işlə təmin etmək olar.

 

Azərbaycan SSR Daxili İşlər Nazirliyi Arxiv İdarəsinin rəisi polkovnik M. Şəkinski».

 

Azərbaycan Respublikası Dövlət Arxivinin fondlarında M. Şəkinskinin Əli Kərimova ünvanladığı məktublar xüsusi yer tutur. Təkcə 1960-cı ilin martından dekabrınadək  respublika  Arxiv İdarəsinin rəisi hökumət başçısının müavininə 10 rəsmi məktub göndərmişdir. Bəzilərindən parçalar:

 

14 mart 1960-cı il tarixli məktubdan:

 

Dəftərxana işinin düzgün təşkili arxiv fondlarının elmi əsaslarla komplektləşdirilməsində  mühüm rol oynayır. Bizim tərəfimizdən aparılmış yoxlamalardan müəyyən edilmişdir ki, respublikanın əksər müəssisələrində, təşkilat və idarələrində kargüzarlıq qeyri-qənaətbəxş vəziyyətdədir. Nazirliklərin, idarə və müəssisələrin rəhbərləri kargüzarlıq məsələlərinə lazımınca diqqət yetirmirlər. Kargüzarlar arasında mütəxəssislər yox dərəcəsindədir, sənəd və materiallar  düzgün tərtib olunaraq müəssisələrin arxivinə təhvil verilmir.

SSRİ Nazirlər Sovetinin 1958-ci il 13 avqust tarixli qərarı ilə təsdiq olunmuş  qaydalara  görə, nazirliklərdə, müəssisə və idarələrdə bu sahəyə nəzarət arxiv orqanlarına həvalə  edilmişdir. SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin tapşqırığına uyğun olaraq, respublikamızda kargüzarlıq üzrə idarələrarası komissiyanın yaradılma məsələsini müzakirənizə təqdim edirik.

 

14 aprel 1960-cı il tarixli məktubdan:

 

Saatlı və Ağsu rayonları 1943-cü ildə təşkil olunmuşdur, buna  qədər həmin  rayonlar  müvafiq olaraq Sabirabad və Kürdəmir rayonlarının ərazisinə daxil idi. Bu səbəbdən Saatlı və  Ağsu  rayonlarının kolxoz, maşın — traktor stansiyaları, kənd  sovetləri və digər  təşkilat və  idarələrinin arxiv sənədləri əvvəlki rayonlarda, yəni Sabirabad və Kürdəmirdə qalmışdır.  Zəhmətkeşlər bu və ya digər arxiv sənədinin surətini əldə etmək üçün yaşadıqları  rayonlardan  qonşu rayonlara üz tutmalı olurlar. Bundan əlavə, Saatlı və Ağsu rayon dövlət arxivi rütubətli və darısqal otaqlarda yerləşir.

 

Təklif edirik ki, Sabirabad və Kürdəmirdə rayonlararası dövlət arxiv idarəsi yaradılsın.

 

20 aprel 1960-cı il tarixli məktubdan:

 

   «Poliqrafiyaçı» arteli yanında 25-30 nəfərdən ibarət «arxivçilər» qrupunun  yaradılmasından  16 ay keçir. Ancaq  «Poliqrafiyaçı»  arteli üzərinə düşən  vəzifəni  nəinki yerinə yetirməmiş, arxiv materiallarının işlənib  hazırlanması  xərclərini 200 faiz  qaldırmış, beləliklə, SSRİ Dövlət Arxiv  Fondu qaydalarını  kobudcasına pozmuşdur.

 

25 avqust 1960-cı il tarixli məktubdan:

 

Azərbaycan SSR Mərkəzi Dövlət Kino — Foto Sənədləri Arxivində iki min altı yüz  üç  kino  sənədi saxlanılır. Bu sənədlərdə sovet Azərbaycanının 40 il ərzində xalq təsərrüfatı, elm,  incəsənət,mədəniyyət sahələrində əldə etdiyi nailiyyətləri əyani şəkildə əks olunur.

Sizə məlum olduğu kimi, bu nadir və qiymətli kino — foto arxiv materiallarının  saxlanıldığı arxiv Yasamal vadisindəki binadadır. Bu ərazidə orta illik rütubət 100 faiz təşkil edir ki, belə bir vəziyyətdə arxiv sənədləri yararsız hala düşür və ən yaxın  vaxtlarda tamamilə  məhv  olub gedə bilər. SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinə müraciətimizdən sonra, bu  ilin avqust ayında İttifaq Kino – foto Sənədləri Dövlət Arxivinin rəisi Mışko yoldaş  Bakıda  ezamiyyətdə olmuş və vəziyyətlə tanışq olduqdan sonra bu qərara gəlmişdir ki, Azərbaycan  Dövlət Kino — foto Sənədləri Arxivini Yasamal vadisində yerləşdirmək qətiyyən düzgün deyildir.

Yuxarıda deyilənləri nəzərinizə çatdırmaqla Sizdən xahiş edirəm ki, Azxərbaycan Dövlət Kino-foto Sənədləri Mərkəzi Dövlət Arxivinin Yasamal vadisindən Bakının  rütubəti az  olan  başqa ərazisinə köçürülməsi məqsədilə təcili tədbir görəsiniz.

 

31 oktyabr 1960-cı il tarixli məktubdan:

 

Azərbaycan arxivlərində çalışan ali savadlı mütəxəssislərin aylıq maaşı digər müttəfiq  respublikalarda işləyənlərinkindən aşağıdır. Məsələn, rayon dövlət  arxivlərinin  müdirləri  Gürcüstanda 400 – 690 rubl, Ermənistanda 410 rubl maaş alırlar,  Azərbaycanda  isə 335 rubldur.  Aylıq əmək haqqının aşağı olması səbəbindən biz  yüksək  ixtisaslı mütəxəssisləri arxiv  orqanlarında, xüsusilə rayonlarda işə qəbul edəbilmirik.

   Sizdən xahiş edirik ki, 1961-ci ildə respublikanın mərkəzi dövlət  arxivlərində  və rayon  arxivlərində işin həcminin daha da genişləndiriləcəyini nəzərə alaraq,  arxiv  əməkdaşlarının  məvacibinin artırılması üçün təşəbbüs göstərəsiniz.

 

13 dekabr 1960-cı il tarixli məktubdan:

 

Nəzərinizə çatdırıram ki, Əlibayramlı rayon icraiyyə komitəsi rayon dövlət arxivini  münasib binaya köçürmək barədə Nazirlər  Sovetinin tapşırığını yerinə yetirmir. RİK sədri  A. Aslanov yoldaş ezamiyyətdə olmuş nümayəndəmizə məsuliyyətsizcəsinə demişdir ki, «yüz  qərar verilsə də, arxivə bina verməyəcəyəm».

Arxiv idarəsi rəhbərinin müraciətlərini respublika hökuməti başçısının müavini  özünəməxsus şəkildə həll etmişdir. Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan bir  çox sənəd və materiallar dediklərimizi əyani sübut edir.  Belə ki, Ə.Kərimovun  təklifi  ilə  şəxsən M. Şəkinski yerlərdə arxivlərin vəziyyəti ilə tanış olmuşdur. 1960-cı ilin fevral  ayında  M.Şəkinski Əlibayramlıda (indiki Şirvan rayonu — T.Q.) ikən aşkar etmişdir ki, dövlət rayon  arxivinin materiallarının bir hissəsi Qazıməmməd şəhərində bərbad halda saxlanılır. Qax,  Balakən, Mirbəşir, Tovuz və Jdanov rayonlarında qiymətli arxiv materialları çürüməkdədir.  Jdanov rayon dövlət arxivində sənədlərin 80 faizi quru yerdə toz — torpağın içində saxlanılır.

1960-cı il sentyabr ayının 17-də (M.C. Bağırovun doğum günü — T.Q.) Azərbaycan  SSR  Nazirlər Soveti «Respublikada arxiv işinin vəziyyəti barədə»  geniş qərar qəbul  etmişdir.  Qərarı  Nazirlər Sovetinin sədri Məmməd İskəndərov imzalamışdır.

ARAYIŞ. Məmməd Əbdül oğlu İskəndərov 1915-ci ildə Qubadlı rayonunun Evarlı  kəndində yoxsul ailədə anadan olmuşdur. 1928-ci ildə kənd məktəbini bitirmiş, Bakıya gələrək  M.Ə. Sabir adınapedaqoji texnikuma daxil olmuşdur. 1934-cü ildə texnikumu bitirmiş,  Zəngilan  rayonunun Xanlıq kənd orta məktəbində müəllim olmuşdur. 1935-ci ildə  Bakıya  gəlmiş və Azərbaycan Sənaye İnstitutununhazırlıq kursuna daxil olmuşdur. 1940-cı ildə  mühəndis-geoloq ixtisası üzrə «Molotovneft» trestinin birinci mədənində  işləmiş gənc geoloq  1941-43-cü illərdə müharibənin ağır sınaqlarından çıxmışdır.  O,Moskva və Kiyev  cəbhələrində  atıcı alayın mühəndisi, batalyon qərargahının rəisi olmuşdur. 1943-cü ildə Mir Cəfər  Bağırovun  təşəbbüsü ilə neftçi — mütəxəssis kimi Dövlət Müdafiə Komitəsinin  qərarı iləarxa  cəbhəyə qayıtmış, «Molotovneft» trestinin mədənlərində geoloq və mədən partiya  təşkilatının  katibi işləmişdir, 1945-47-ci illərdə Azərbaycan KP Bakı Komitəsi  katibinin neft üzrə  müavini,  sonra Bakışəhəri Lenin rayon partiya komitəsinin birinci katibi, 1948-49-cu illərdə  Azərbaycan  SSR  Dövlət Nəzarəti nazirinin müavini vəzifələrində çalışmışdır.

Məmməd İskəndərov bir geoloq kimi elm sahəsində də səmərəli fəaliyyət göstərmişdir. O, 1946-cı ildə namizədlik, 1957-ci ilddə doktorluq dissertasiyası müdafiə etmişdir. Geologiya-mineralogiya elmləri doktoru, professor M. İskəndərov haqqında 1949-cu il aprelin 18-də Moskvaya, SSRİ Nazirlər Sovetinə M.C. Bağırov tərəfindən göndərilmiş məktubda deyilir: «Bir neçə ildir ki, Orconikidzeneft dövlət planını yerinə yetirmir.  Sizdən xahiş edirəm ki,  bu vəzifəyə mühəndis-geoloq Məmməd Əbdül oğlu İskəndərovu təyin edəsiniz».  Orconikidzenefti gerilikdən çıxaran bacarıqlı geoloq və təşkilatçı Leninneft trestinə keçirilmiş, 1951-53-cü illərdə Azərneft birliyinin baş mühəndisi və rəisin birinci müavini vəzifələrində  işləmişdir. 1953-54-cü illərdə Azərbaycan KP Bakı şəhər partiya komitəsinin birinci katibi, 1954-59-cı illərdə Azərbaycan KP MK katibi, 1959-1961-ci illərdə Azərbaycan SSR nazirlər  Sovetinin sədri vəzifələrində olmuşdur. 1961-ci il dekabrın 29-da Azərbaycan SSR Ali  Sovetinin beşinci çağırışsəkkizinci sessiyasında Azərbaycan SSR Ali Soveti Rəyasət  Heyətiinin  sədri  seçilmişdir». (Bax: Musa Qasımlı, Cavid Hüseynov, Azərbaycanın baş nazirləri. Bakı, «Adiloğlu» nəşriyyatı, 2005-ci il, səh. 87-91).

Hörmətli oxuculara bildirmək istəyirəm ki,Teyyub Qurbanın nəşrə hazırlanan “Düşmənlərindən Güclü Şəxsiyyət” kitabının 4-cü cildində Mir Cəfər Bağırovla Məmmədəmin Şəkinski münasibətləri barədə maraqlı məqamlar gözəl işıqlandırılıb. İndi Məmmədəmin Şəkinskinin Azərbaycanda Arxiv işinin yaxşılaşdırılması üçün necə çalışmasına nəzər yetirək.

 

 

Təəssüflər olsun ki, 1976-87-ci illərdə nəşr olunmuş Azərbaycan Sovet Ensiklopediyası cildlərində «Bakı tarixi» deyil, «Yerevan tarixi» şərh olunmuşdur.

1980-ci ildə ASE-nin dördüncü cildini hazırlayıb nəşr edənlər yaxşı bilirdilər ki, İrəvan Azərbaycanın qədim şəhərlərindən biridir. Şəhərin adının Yerebuni qalasının adından əmələ gəlməsi ermənilərin uydurmasıdır. İrəvan adı ilk dəfə 607-ci ildə çəkilmişdir. O zaman Cənubi Qafqazda ermənilərin heç bir dövləti olmamışdır. Şəhər Rəvan, Erivan, Yerevan adları ilə tanınmışdır. «İr» türk dilində «dağın gün düşən tərəfi», «van» yer eməkdir. Rusiyanın İrəvanı işğalına qədər burada əhalinin əsas hissəsi Azərbaycan türklərindən ibarət olmuşdur, bir sözlə, İrəvan qədim azərbaycanlıların ana vətənidir.

Cəmil Quliyevin baş redaktorluğu ilə buraxılmış ASE-nin dördüncü cildində isə oxuyuruq: «Erivan xanlığı — Zaqafqaziyada 18-ci əsrin ortalarında yaranmış feodal dövlətlərdən biri — Ararat düzənliyini, Sevan gölü hövzəsini və Araz çayından cənub-qərbə uzanan ərazini əhatə edirdi. Əhalisi əsasən ermənilər və azərbaycanlılar idi… Erebuni-Urartu dövlətinin eramızdan əvvəl 782-ci ildə hökmdar I Argiştinin saldırdığı qala. Xarabalığı Yerevanın kənarında Arin-berd təpəsində aşkar edilmişdir. Müntəzəm qazıntılar 1950-ci ildən aparılır. Erebuninin adı Yerevanın adında saxlanılmışdır. 1968-ci ildə Yerevanın 2750 illiyi ilə əlaqədar Erebunidə geniş bərpa işləri aparılmışdır». (Bax: Azərbaycan Sovet Ensiklopediyası, IV cild, bakı, 1980, səh. 78-79).

   Bəs Bakımızın neçə yaşı var? Tarixçi — ensiklopediyaçılarımız nə vaxt bu sualın cavabını tapacaqlar? Niyə paytaxtımızda Bakı günləri keçirilməsin? Niyə «Bakı ensiklopediyası» hazırlanıb nəşr olunmasın? Axı vaxtilə Məmmədəmin Şəkinskinin imzaladığı arxiv arayışlarında, Rəsul Rzanın yaşıl cildli ensiklopediyasında, eləcə də müstəqilliyimizin bərpasından sonrakı dövrdə yazılmış çoxlu məqalələrdə, kitablarda yeni-yeni məxəzlər və mülahizələr vardır.

Unudulmaz xalq yazıçımız  Qılman İlkinin 2006-cı ildə oxuculara ərməğan etdiyi «Bakı və bakılılar» kitabında tarixi faktlar və inandırıcı həqiqətlər çoxdur. Kitabın «Ön sözü» mərhum akademik – filosof  Fuad Qasımzadənin bu gün soydaşlarına son sözü kimi səslənir: «Çağdaş və gələcək nəsillərə doğma Azərbaycanımızı tanıtmaq hamımızın borcudur. Bu, müqəddəs bir işdir. Hər nəsil yaşadığı mühitdə göz açır, onun ab — havası ilə böyüyür, necə deyərlər, hər şeyi bir növ hazır görür. Bilmir ki, gördüklərinin tarixi var, keçmişi var. Bu gün dünəndən yaranıb, sabah da bu gündən yaranacaq. Zira tarix ardı — arası kəsilməz prosesdir. Həm fasiləlidir, həm də fasiləsiz. Həyatın dialektikası belədir. Hər bir şeydə, hər bir hadisədə keçmişin qalıqları, indinin əsasları, gələcəyin isə rüşeymləri olur. Tarix və çağdaşlıq qırılmaz tellərlə bağlıdır. Biri digərsiz ola da bilməz. Odur ki, tariximizi, keçmişimizi bilməliyik. Müxtəlif  ölkələrin millət və xalqlarının tarixini yada salın. Görün bir, Paris fransızlar, London ingilislər, Madrid ispanlar, Roma italyanlar, Berlin almanlar, Varşava polyaklar üçün nə qədər vacib əhəmiyyətə malik olmuşdur. Moskva ruslar üçün, İstanbul türklər üçün, Bağdad iraqlılar üçün əziz olduğu kimi, Bakı da bizim üçün əziz və qiymətlidir».

Qılman İlkinin bütün nəsillərə yazılı əmanəti olan «Bakı və bakılılar» kitabının «Qədim şəhər» fəslində Bakının tarixini soraqlayanlar üçün zəngin məlumatlar (səh.10-17) vardır. Bəzi məqamlara diqqət yetirin: «1826-cı ildə Bakıda olmuş görkəmli səyyah Zeynalabdin Şirvani yazırdı: «Bakını Badikubə də adlandırırlar. Çünki bu yerdə daim küləklər əsir. Buna görə də burada evlərin özülünü yonulmuş daşlardan qoyur, həyətləri və damları qırla örtürlər». Bakı qədim şəhərdir. Doğrudur, onun məhz hansı əsrdə salındığı hələ müəyyən edilməmişdir. Lakin Bakının önündə və ətraf  kəndlərində arxeoloqların apardığı qazıntılar nəticəsində tapılan tarixi abidələr, saxsı qablar, daş sandıqçalarda dəfn edilmiş adamların sümükləri, sikkələr və sairədən məlum olur ki, onun yaranması tarixi eramızdan əvvəlki əsrlərə gedib çıxır. Hazırda Binəqədi yaxınlığında «Qır gölü» adı ilə tanınan böyük bir sahə vardır. Tarixçilərin yazdığına görə, on min illər bundan qabaq burada göl zaman-zaman qurumuş və bugünkü şəklini almışdır. Burada gölün qalın qır təbəqələri altında çoxlu, hətta bu gün artıq Abşeronda mövcud olmayan vəhşi heyvanların sümükləri tapılmışdır. Şir, iri maral, ayı, at, uzunqulaq sümükləri ilə yanaşı tapılan kərgədan sümükləri göstərir ki, Abşeronda on min illər qabaq bu heyvanlar yaşamışlar. Bəzi alimlər belə nəticəyə gəlirlər ki, bu heyvanların yaşadıqları yerdə yəqin ki, onları ovlayan ibtidai insanlar da yaşamışlar. Demək, eramızdan hələ xeyli qabaq Abşeron ətrafında ibtidai insanlar məskən salmışlar. Qobustan daşlarında isə bu heyvanları ovlayan ibtidai insanların şəkilləri həkk olunmuşdur.

Məlum olduğu kimi, Bakı ətrafında ən qədim yerlərdən bəziləri hazırda Xəzər suları altında qalmışdır. Eramızın II-VII əsrlərində Xəzər dənizinin hazırkı sahili Nargin və Vulf adalarından xeyli uzaqda olmuşdur. Eramızın 6-cı əsrindən başlayaraq, Xəzərin səviyyəsi artmış və Qız qalasınadək olan bütün körfəz su altında qalmışdır. Yaxın keçmişdə dəniz səthinin aşağı düşməsi nəticəsində suyun dibindən yüksələn qədim tikilinin bürcləri buna aydın sübutdur. 1830-cu ildə Bakıda olmuş alman akademiki E.Lens yerli əhalidən eşitmiş olduğu rəvayətlər barədə belə yazırdı: «Xeyli müddət əvvəl dəniz indikinə nisbətən 20 verst uzaqlıqda idi. O zaman Nargin adaları qurunun ayrılmaz hissələri idi. Sonra dənizin səthi qalxaraq, xeyli qabağa gəlmiş və sahil indiki görkəmini almışdır». Lens Nargin adasının qayalıqlarında Zığ burnuna gedən araba çarxlarının izini görmüşdü. Bunu Abbasqulu Ağa Bakıxanov da özünün «Gülüstani-İrəm» kitabında təsdiq edirdi. O yazırdı: «Bakı qəzasının Bilgəh, Zirə, Bibiheybət və başqa kəndlərində, habelə bir neçə adada qayalıqlar üstündə dənizin içərilərinə tərəf gedən araba çarxlarının izləri görünür». Daha sonra Bakıxanov yazırdı: «Şəhərin özündə Hacı Baba Hacı Ağahüseyn oğlu adında bir ev sahibi öz həyətində quyu qazdığı zaman dənizin indiki səviyyəsindən aşağıda, yerin altında daşla döşənmiş bir yola rast gəlmişdir». Zığ burnunda qayalıqlarda dənizin içərilərinə tərəf gedən araba təkərlərinin izlərini görənlər olub. Bütün bunlar göstərir ki, Xəzər dənizinin səthi yüksəldiyi zaman bir çox tikililər, hətta rəvayətə görə, Səbail adlı bütöv bir şəhər də suyun altında qalmışdır.

İçəri şəhərin ən yüksək bir yerində yerləşən Şirvanşahlar sarayında aparılmış qazıntılar nəticəsində tapılan sikkələrlə müyyənləşdirilmişdir ki, hələ səkkizinci əsrdə burada ticarət liman şəhəri olmuşdur. Bakışünas alim Sara Aşurbəyli belə bir nəticəyə gəlmişdir ki, «Bakı feodal şəhəri kimi eramızın 8-ci əsrində mövcud idi».

ARAYIŞ. Aşurbəyli Sara Balabəy qızı. 1906-cı il yanvarın 2-də Bakıda  anadan  olmuşdur.  Tarix elmləri doktoru (1966-cı il), Azərbaycan Rəssamlar İttifaqının üzvüdür (1946-cı ildən). İstanbulda Janna D`ark adına fransız kollecini (1925-ci il), ADU-nun Şərq  fakültəsini  (1930-cu il), V.İ.Lenin aına APİ-nin xarici dillər fakültəsini (1941-ci il) bitirmişdir.  Azərbaycan SSR Elmlər Akademiyası Tarix muzeyində orta əsrlər şöbəsinin müdiri (1954-58),  Azərbaycan SSR Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda baş elmi işçi (1958-61)  işləmişdir.  1961-ci ildən Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun  baş elmi  işçisidir. Azərbaycanın orta əsr şəhərləri tarixinin tədqiqi ilə məşğul olur. Məqalələri ingilis,  fransız və Çin dillərində dərc edilmişdir «. (Bax: Azəri Sovet Ensiklopediyası, I cild, səh.404.  Bakı, 1970-ci il).

«Bakının ən azı 20 əsrlik yaşı var» deyən Sara Aşurbəyli indi unudulmaqdadır. Ümid  ancaq ölkə prezidentinə qalır. Müvafiq fərman olarsa, Milli Elmlər Akademiyasının prezidenti  də,  Bakı meri də bir həftə ərzində qədim Bakımızın doğum gününü dürüstləşdirərlər, «Bakı günü» təqvimimizin bayram gününə çevrilər. O zaman Sara Aşurbəylinin də, Qılman  İlkinin də, Məmmədəmin Şəkinskinin də ruhu şad olar.

Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi Məmmədəmin Şəkinski 1962-ci ildə Azərbaycan tarixini fərziyyələr əsasında deyil,  tarixi məxəzlər və arxiv  sənədləri  əsasındayazılması üçün var qüvvəsi ilə çalışmışdır. Respublikanın baş arxivarusunun 1962-ci  il fevralın  1-də Azərbaycan  KP MK-nın Təbliğat və Təşviqat Şöbəsinin müdiri Məmməd  Qazıyev yoldaşa ünvanladığıməktub Dövlət Arxivində saxlanılır. Tanış olun:

«Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin və Mərkəzi dövlət arxivlərinin elmi əməkdaşları son vaxtlar Azərbaycan tarixinin və eləcə də tarixşünaslığın bu və ya digər məsələlər üzrə arxiv sənədləri əsasında bir sıra elmi məqalələr hazırlamışldar. Lakin bunları nəşr yolu ilə respublikamızın elmi ictimaiyyətinə və oxuculara çatdırmaq imkanımız məhduddur.

Sizdən xahiş edirəm ki, Azərbaycan tarixinə aid məqalələrin ictimaiyyətə çatdırılmasını yaxşılaşdırmaq məqsədilə Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin orqanı olacaq «Azərbacan Arxivlərinin Xəbərləri» jurnalının nəşr olunmasında köməklik göstərəsiniz. Nəzərdə tutduğumuz məcmuədə arxiv materialları ilə yanaşı, respublikanın ayrı-ayrı tarixçilərinin məqalələri də veriləcəkdir.

Məlumat üçün Sizə bunu da çatdırıram ki, belə bir nəşr orqanı ikinci ildir ki, Ermənistan SSR-də mövcuddur. «Ermənistan  Arxivlərinin Xəbərləri» jurnalının bir nüsxəsini məktuba əlavə edirəm.

Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M. Şəkinski».

 

(ardı var)

 

Teyyub Qurban

 Ekspress.- 2011.- 10-12 dekabr.- S. 15.

Təqdim etdi: Füzuli Baratov

 

 

 

 

 

 

Реклама
Стандартный

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s